
“Şərq araşdırmaları” jurnalının V sayı nəşr olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 5-ci sayı işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid 25 elmi məqalə dərc olunub.
Jurnalın “Ədəbiyyat” bölməsində gender problemlərinin yeni dövr Misir ədəbiyyatında işıqlandırılması, Circi Zeydanın “Harunun bacısı Abbasə” romanında dövrün ictimai-siyasi reallıqları, divan ədəbiyyatının son təmsilçisi Leskofçalı Qalib, XVII əsrin məşhur Türkiyə mütəfəkkiri Katib Çələbinin həyatı və əsərləri, türk ədəbiyyatında tarixi roman janrının nəzəri aspektləri haqqında və s. məqalələr yer alır.
“Dilçilik” bölməsində Türkiyə türkcəsində nəzakət anlayışına və “Yətimətud-dəhr” antologiyasında poetik fiqurlara aid məqalələr təqdim edilir.
“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə Cənubi Azərbaycanda türk müsəlman əhaliyə qarşı soyqırımının qarşısının alınmasında Ənvər Paşanın fəaliyyətindən, XIX əsr Qərb səyahətnamələrində Osmanlı evlərinin memarlıq xüsusiyyətlərindən, müstəqil Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərindən, İran və Rusiyanın beynəlxalq məsələlərdə əməkdaşlığından, XIX əsr Osmanlı İmperiyasında “salon” mədəniyyətinin yaranmasından, sosializm sisteminin süqutu dövründə Azərbaycan-Qazaxıstan əməkdaşlığının hədəflərindən bəhs edilir. Bu bölmədə həmçinin Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsirinin öyrənilməsində tətbiq olunan metod və metodologiyaların əlaqəsinə, Azərbaycanın xarici siyasətinin elmi-konseptual əsasları, əsas prinsipləri və prioritetlərinə, ərəblərin Mərkəzi Asiyada məskunlaşması tarixinə dair və s. məqalələr yer alır.
Jurnalın “Fəlsəfə” bölməsində Şərq və Qərb arasında fərqli düşüncə tərzinin yaranma səbəblərindən bəhs edən məqalə təqdim edilir.
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının altıncı nömrəsinə məqalələr qəbul edilir.